İranla İsrail arasında müharibə başlayacaqmı? - Şərh

   İranla İsrail arasında müharibə başlayacaqmı? -    Şərh
  07 Avqust 2024    Oxunub:1115
İran və İsrail arasındakı münasibətlər uzun müddətdir ki, gərgin və qarşılıqlı ittihamlarla doludur. İsrail İranın nüvə proqramını təhlükə kimi görür və onu beynəlxalq aləmdə təcrid etməyə çalışır. İran isə İsraili Yaxın Şərqdə qeyri-sabitlik yaradan bir ölkə kimi qələmə verir və onun Fələstin məsələsindəki mövqeyini tənqid edir.
Son dövrlərdə isə bu gərginliklər daha da artıb. Fələstinin HƏMAS təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda iqamətgahına aviazərbə nəticəsində öldürülməsi və İranın İsraili günahlandırması vəziyyəti daha da ciddiləşdirib. Hətta III Dünya Müharibəsinin olacağı barədə proqnozlar eşidirik.

Politoloq İlyas Hüseynov baş verən prosesləri AzVision.az -a şərh edib:

Xamenei İsrailə hücum əmri verib
"Hazırkı vəziyyətdə Hizbullahın və İranın qisas alacağı ilə bağlı ehtimallar getdikcə güclənir. Buna təkan verən həm də ABŞ-nin müharibənin qarşısını almaq üçün hərəkətə keçməsidir. ABŞ-nin dövlət katibi Entoni Blinken də bildirib ki, 48 saat ərzində hücum və ya gərginlik yaşana bilər. Bu xüsusda Amerika Birləşmiş Ştatlarının bölgəyə Teodor Ruzvelt, Avraam Linkoln aviadaşıyıcılarını göndərməsi, müxtəlif kreyserlər, esmineslərin cəlb olunması müşahidə olunur. Xüsusilə ballistik raketlərin qarşısını ala bilən sistemlərin də olması onu deməyə əsas verir ki, İranın genişmiqyaslı hücumu gözləniləndir".

Politoloq onu da qeyd edib ki, hazırda İrandan həddindən artıq aqressiv davranışlar gözlənilir:

"Eyni zamanda Livan tərəfindən də çox böyük təhdidlər formalaşmaqdadır. Bununla bağlı olaraq bölgədə çox böyük bir müharibənin başlaması ssenariləri nəzərdən keçirilir. Amerika Birləşmiş Ştatları çox çalışır ki, İranın intiqam ilə bağlı fəaliyyətləri yumşaq olsun, yaxud heç olmasın və yaxud da İranın addımları qarşılığında İsrail çox kəskin cavab verməsin. Amma artıq vəziyyət o qədər gərgin bir mərhələyə qədəm qoyub ki, ABŞ bunun qarşısını almaq iqtidarında deyil. Yalnız qabaqlayıcı tədbirlər görülməkdədir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   İsrail   HƏMAS   ABŞ   müharibə  





Xəbər lenti